Bəzən xanımlar ərinin yüksək dövlət vəzifəli şəxs olduğundan çəkinib nəinki aliment və ya əmlak bölgüsü, hətta nikah pozulmasından belə söhbət aça bilmirlər.
Belə vəziyyətdə olan xanımlar üstəgəl işsizdirlərsə, elə düşünürlər ki, nikah pozulsa, ərin dövlət vəzifəsinə və maddi imkanına görə uşağını ondan alacaqlar.
Əvvəla, qeyd edək ki, konstitusiyamıza əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir: kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. O cümlədən, əmlak vəziyyəti və qulluq mövqeyindən asılı olmayaraq dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Mülki Məcəlləyə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir.
Ailə Məcəlləsinə əsasən, valideynlər öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malikdirlər. Bundan əlavə, valideynlər uşaqları saxlamadıqda onların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında müəyyənləşdirilir.
Beləliklə, ər və ya arvadın yüksək vəzifəli şəxs olduğuna görə məhkəmə qətnaməsinin onun xeyrinə çıxarılacağına inanmaq yanlışdır. Təbii ki, korrupsiya və qanun pozuntusundan heç kim sığortalanmayıb, lakin bunun qarşısını almaq üçün kifayət qədər norma və qanuni üsullar vardır. Bu, sadəcə ailədə yüksək vəzifəli tərəfin yaratdığı fantastik “Amerikadır”, ki, nəsə baş versə, həyat yoldaşı öz huquqlarını unutsun və “süpürgə” vəzifəsi daşısın. Hüquqlarımızdan xəbərdar olaq ki, bu cür xoşagəlməz vəziyyətə düşməyək.