
Gömrük orqanının vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdik.
Belə ki, 24.12.19-cu ildə Rusiyadan iddiaçının şəxsi istifadəsində olan Hyundai markalı avtomobilin təmiri üçün zəruri olan 1150 manat dəyərində ehtiyat hissələri gətirilmişdir.
Buna baxmayaraq, gömrük orqanının vəzifəli şəxsi heç bir araşdırma aparmadan AR NK-nın 305 saylı qərarını əsas götürərək hesab etmişdir ki, ehtiyat hissələri kommersiya məqsədləri üçün gətirilmişdir və akt tərtib edərək onları 40 gün müddətinə müvəqqəti saxlanca yerləşdirmişdir.
Nəticə etibarı ilə AR Gömrük Məcəlləsinin 299-cu maddəsinə istinad edərək sübut etdik ki, gətirilən mallar məhz şəxsin istifadəsində olan avtomobilin təmiri üçün nəzərdə tutulub. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan avtomobil ehtiyat hissələrinin ölkəyə kommersiya və ya istehsal məqsədi ilə gətirilməsi müəyyən edilməmiş və akta əsasən, gömrük orqanı vəzifəli şəxsinin hərəkətləri qanunsuz hesab edilərək müvəqqəti saxlanca götürülmüş mallar iddiaçıya qaytarılmışdır. Eyni zamanda məhkəmə mübahisəsi üçün sərf edilən 700 manatın dövlət gömrük postundan tutulması nəzərdə saxlanmışdır.
Nəzərə almalıyıq ki, akt 24.12.19-cu ildə tərtib edilmiş, məhkəmə qərarı 19.01.2021-ci il tarixində qüvvəyə minmiş, çoxsaylı şikayətlərə əsasən, qərar cavabdeh tərəfindən 11.03.2021-ci il tarixində icra olunmuşdur. Lakin bu günə kimi 700 manat məbləğində çəkilən xərcin ödənilməsi cavabdeh tərəfindən icra olunmur. Bu barədə DGK-ya elektron müraciət olunub və ona baxılmaqdadır.
Gördüyünüz kimi, məhkəmə qərarının icrasında vətəndaşların bu tip çətinliklərə rast gəlməsi, təəssüf ki, istisna deyil.